Categories
ÜMUMİ

Qarabağ müharibəsinin düşündürdükləri

90-cı illərdə mən birinci sinifə gedirdim və ailəm məni rus dili bölməsinə qoymaq istəyirdi. Lakin 20 Yanvar hadisələri, Qarabağ müharibəsi və s. elə bir yerə gəldi ki, mən elə özüm 7 yaşımda dedim: “Yox rusdilli məktəbə getməyəcəm!”  Halbuki bizim məktəb rus bölməli məktəb idi. Amma içimdə bir hiss var idi ki, Azərbaycan dilli məktəbə gedim.

Birinci Qarabağ Döyüşləri zamanı uşaq olsam da o psixoloji travmanı, məğlubiyyəti damarlarımda yaşamışam. 

Bütün bunların nəticəsidə içimdə daima bir gizli bir “hərbiçi olmaq istəyi” olub.

Ümumiyyətlə burada yazdıqlarım o demək deyil mən yaxşı vətənpərvərəm və ya yaxşı bir, necə deyim, vuruşqanam və ya bütün vəzifələrimi 100 faiz əksiksiz yerinə yetirmişəm… Yox. Sadəcə hisslərimi bölüşmək istəyirəm.

Sonra aradan illər keçdi. Məktəbi bitirdim, universitetə başldım. Sonra hərbiyə keçdim. 

Hərbi həkim daima səngərdən 5 km arxada durur, ilk həkim yardımı orada olur. Mən də oradan başlamışam xidmətə. Çətin günlərim də orada olub, elə ən böyük qazandığım dostluqlar da hərbidə olub. Çünki gecə-gündüz bir yerdə idik, bir yerdə qalırdıq…

Sonra, qismət oldu Türkiyəyə getdim. Ora getdim, oxudum, gəldim. 

Adam hər zaman istəyər ki, ordun qalib gəlsin, sən də qalıb bir ordunun bir parçası olasan. 

Aprel Döyüşlərində ordumuz yaxşı iştirak etmişdi və mən də onun bir parçası idim. Həmin ərəfədə də biz qalib gəlmişdik. Amma Türklər demiş, “buruk bir sevinç” var idi. Yəni sevincimizi tam yaşaya bilməmişdik. Çünkü istəyirdik ki, bu məsələ həll olsun və biz qalib gələk. Hamı döyüşmək istəyirdi və əlindən gələn bir şey edirdi bunun üçün. Bəlkə də o zaman xalq bu qədər ordunun içində deyildi, amma mən ordunun içində idim və həqiqətən də çox qorxmaz, döyüşkən insanlarımız olduğunu görürdüm…

Bütün yerlərdə olduğu kimi hərbidə də, hərbi hospitalda da problemlər var idi, hansı ki mən heç bir halda bunlara adaptasiya ola bilmədim və öz arzumla ordudan ayrıldım. Hərbi xidmətdən ayrıldım, həyatıma mülkidə davam etdim.

Son dönəmdə bildiyiniz kimi Qarabağ məsələsi həll olundu. Bu məsələnin həll olunması hamı kimi mənə də çox böyük, çox xoş təsir bağışladı. Həqiqətən də bu çox qürur verici bir hissdir…  Çünki, məğlub ordumuz var idi, məğlub xalqımız var idi, məğlub ölkəmiz var idi, biz elə yaşayırdıq. Yəni ki, məsələ bizim həssas nöqtəmiz idi. 

Mən sizə belə deyim: Bütün problemlərin başında Qarabağ məsələsi yatırdı. Mən deyərdim ki, bizim təhsilimizə də, bizim səhiyyəmizə də, polisimizə də… hər bir orqanımıza təsir etmişdi.

Gördük ki, Azərbaycan xalqı ancaq bir mövzu ətrafında birləşə bilər, bu da Qarabağ mövzusudur. Həqiqətən də Qarabağ mövzusunun ətrafında hamının birləşməsi bizim nə qədər güclü olduğumuzu və daxilimizin də nə qədər yaxşı olduğunu göstərir.

Biz birləşdik, qalıb gəldik. 

Bu qalibiyyətdə ən çox pay şəhidlərimizə düşür, əsgərlərimizə düşür, zabitlərimizə düşür. Onlar hər biri necə deyim böyük qəhrəmanlıq göstərdi. Biz onlara həqiqətəndə çox şey borcluyuq və ömürünüzün sonuna qədər də borclu olduğumuzu daima hiss eləməliyik.

Məsələlər isti-isti olanda biz bunu hiss edirik, amma sonra unuduruq bəzi şeyləri. 

Dostlarımdan biri bir gün mənə zəng vurdu və dedi ki: “Rayona getmişdim, hərbi komissarlıqda qeydiyyatdan keçməyə. Gördüm ki bir çox adam yığılıb hərbi komissarlığa, əsgər getmək istəyir, hələ aparılmır, sıradır. Amma gəzənlər var ki, bəlkə bugün-sabah gedərəm döyüşə…” Və sonra da dedi ki: “Bakıda mənim çevrəmdə belə bir şey çox da hiss olunmurdu.”

Mən də ona dedim ki, “Bu döyüş elə bir döyüş oldu ki, burda varlısı, kasıbı hamı iştirak etdi. Əgər bir adam cəbhəyə gedə bilmirsə, məsələn, yaşı çoxdu, səfərbərliyə müraciyət edir, gedə bilmir, amma imkanı var başqa cür iştirak edir. Tutaq ki, maddi yardım etməklə, öz maşını ilə yardım aparmaqla… O döyüşdə elə iştirak edir. Amma bir rayonda həmin komissarlığa səfərbərliyə yığılan gənclər, bəlkə də verəcək başqa bir şeyi yox idi. Amma o da istəyirdi ki canıyla bir şey etsin. Halbuki onun canı hər bir yardımdan qat-qat dəyərlidir…”

Yəni bu müharibə, elə bir müharibə oldu ki burda, mən deyərdim ki xalqın hər bir nümayəndəsi: varlısı-kasıbı, vəzifəli-vəzifəsizi, oxumuşu-oxumamışı… Yəni hamı çox yüksək səviyyədə iştirak etdi. Hərə bacardığı qədər… Məsələn, videolarda biz gördük, müəllim gedir orda kabab bişirir, biri toyuq cücəsini verir…

Həqiqətən də biz böyük bir dastan yazdıq, qürur hissi keçiririk ki biz bu müharibənin bir hissəsini yaşadıq, biz həmin nəsilin nümayəndələrindən olduq.

Biz Birinci Qarabağ döyüşçülərində iştirak edənləri də gərək heç vaxt unutmayaq. Mən bəzən hiss edirəm ki biz sanki bunlara daha çox diqqət qoyuruq və diqqət qoymalıyıq da… Amma Birinci Qarabağ döyüşçülərində iştirak edənləri də heç vaxt unutmamalıyıq! 

Çünki onlar bizə müstəqil bir dövlət bağışlayıb gediblər. 

Mən özüm də bu müharibədə həkim kimi işlədim. Biz işləyərkən döyüşlərdə qalıb gələn bir ordula işləyirdik. Hər gün yeni torpaqlar azad olunurdu və yaralı gələndə onlardan “Sən harada yaralanmısan?” deyə soruşurduq. Yeni kəndlərin, rayonların adlarını eşitmək bizə motivasiya verirdi.

Amma Birinci Qarabağ Müharibəsində döyüşənlər çox çətin şəraitdə döyüşmüşdülər və o adamlar da qəhrəmandılar. 

Sadəcə yarım qalmış bir iş var idi… Çox şükür ki, bizim yaşadığımız dövürdə, bizim yaşadığımız zamanda bu məsələ həll olundu və böyük bir qələbə çaldıq.

Mən bu qələbəni bizə yaşadan bütün əsgərlərimizə, bütün hərbiçilərimizə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizi dərin hörmətlə, minnətlə yad edirəm.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir