Qarın ağrıları çox ümumi bir şikayətdir. Başqa sözlərlə desək qarın ağrıları bir çox xəstəliyin ilkin əlaməti ola bilər.
Qarında keçməyən ağrı olduqda, məsələn, sancı şəklində və ya xroniki ağrı olduqda mütləq həkimə müraciət edilməlidir.
İlk başda yaxşı olar ki, onlar ailə həkiminə, öz terapevtinə, müalicə həkiminə müraciət etsinlər. Öncə bu ağrının səbəbi araşdırılmalıdır. Ağrı səbəbi araşdırılandan sonra əgər cərrahi bir məsələ varsa, artıq müalicə üçün bir cərraha yönləndiləcək.
Ümumiyyətlə qarın ağrısı çox geniş bir mövzudur.
Bildiyimiz kimi, qarın dedikdə biz bədənimizin bir hissəsini nəzərdə tuturuq. Amma qarının içərisində bir çox orqanlar mövcuddur. Ağrının qarnın hansı hissəsində olması konkret bir orqanın xəstəliyin əlaməti də ola bilər və ya hansı orqanın ağrıdığını qarışdırmış da ola bilərik.
Məsələn, əgər qarının yuxarı hissəsində, orta nahiyədə ağrı varsa, biz bunu daha çox mədə ilə izah edirik, əlaqələndiririk. Amma sağ qabırğaaltı nahiyədə ağrı varsa, bunun daha çox öd kisəsindəki və yaxud da qaraciyərdəki problemə bağlı olduğunu düşünə bilərik.
Məsələn, göbəyin sağında, sağ bud nahiyəsində bir ağrı varsa, bu ağrı başlayıbsa, ürəkbulanma da yaranıbsa, bunlar eyni zamanda baş verirsə, kəskin appenditsitdən şübhələnə bilərik. Hər iki nahiyədə və ya tək bud nahiyədə varsa, bu qadınlarda yumurtalıqla bağlı ağrılar ola bilər və ya tutaq ki, xəstənin yaşı çoxdur, 40-50 yaşları var, sol tərəfdə, sol bağırsaqda – qarının sol tərəfində kəskin ağrılar varsa, bunun ən çox səbəblərindən biri kəskin divetikulit ola bilər.
Problem böyrək sancısı da ola bilər, böyrək daşı da ola bilər, qeyd etdiyim kimi, öd kisəsi xəstəlikləri də ola bilər, appenditsit də ola bilər, bağırsaq xəstəlikləri də ola bilər, bağırsağın burulması da ola bilər… Bir çox səbəb ola bilər.
Ona görə də burada biz ümumi olaraq deyə bilmərik qarın ağrısının konkret səbəbi budur və ya bu deyil.
Diaqnostik müayinənin önəmi
Bütün hallarda qarın ağrısına ciddi yanaşmaq lazımdır. Çünki həmişə dediyimiz kimi erkən diaqnoz çox vacibdir. Erkən diaqnoz nəticəsində xəstəyə müdaxilə imkanları çox geniş olur və müdaxilələr də çox müvəffəqiyyətli olur. Amma gecikmiş mərhələdə müdaxilə etdikdə isə istər-istəməz çox problemlər yaşamış ola bilərik. Ona görə də qarın ağrısı varsa, bunun üçün altda yata biləcək ciddi səbəblər də ola biləcəyi üçün xəstənin vaxtında həkimə müraciət etməsini tövsiyə edirik.
Ağrı xəstəni narahat edirsə, ağrıya görə dərman içmək ehtiyacı yaranırsa, bu zaman mütləq həkimə müraciət edilməlidir.
Yox əgər ağrı xəstənin həyat keyfiyyətini pozmursa, bəzi hallarda ağrıyırsa, bu zaman həkimə təcili deyil, planlı qaydada ağrının səbəbini tapması üçün 1 dəfə müayinə olunsa yaxşı olar. Qarın ağrısı bəzən çox yüngülvari narahat etmiş olur, məsələn, günlərlə ağrıyır. Bu zaman xroniki bir problem olduğunu düşünürük.
Ağrılar zamanı ilkin müayinə metodu müalicə həkiminin və ya cərrahın baxışıdır. Çünki burada qarını müayinə etmək, qarını palpasiya etmək, həmin ağrıya qarşı peritonin qıcıqlanmasının olub-olmamasını bilmək və xəstə ilə söhbət etmək lazımdır.
Ondan sonra isə ağrnın xarakterinə görə isə ultrasəs müayinəsi və ya rentgen və ya kompüter-tomoqrafiya, MRT-dən istifadə oluna bilər.