Yaşadığımız müddətcə yeni terminlər çıxmaqdadır. Məsələn, “stress” sözü.
“Stress” sözü əvvəllər yox idi, son 30-40 ildə dilimizə girib. Əvvəl tutaq ki, bu sözü başa düşmürdüksə, indi artıq təhsili olmayan adamlar belə bu “stress” sözünün mənasını bilir..
İnternetdə məlumat bolluğu ilə bağlı günümüzdə yeni bir termin də çıxıb ki, hansı ki bunu indi az adam bilir, amma birazdan çox adam biləcək.
İnformasiya, məlumat o qədər çoxdur ki insanlar bunu oxuyub artıq düzgün gedilən bir yolu səhv də gedə bilərlər.
Əvvəllər deyirdilər ki, ən böyük kitabxana Britaniya kitabxanasıdır. Amma Vikipediya çox qısa bir müddət ərzində Britaniya kitabxanasının ensiklopediyasında olan məlumatları ötüb keçdi.
İnternetdə olan məlumatlara reqlament olmadığı üçün hər bir insan özü doğru bildiyi məlumatı orada paylaşa bilir. Bu da insanların paylaşılan məlumatlardan hansının doğru, hansının yalnış olduğunu ayırd etməsində çətinlik yardır.
Təkcə xəstələrmi bu problemdən əziyyət çəkir?
Yox, biz həkimlər də əziyyət çəkirik. Çünki biz də daima oxuyuruq, yenilənirik.
Hətta bizə konfranslarda proqrama “doğru məlumatı necə əldə edək?” məzmununda sessiyalar salırlar. Bu sessiyalarda həkimlərə doğru məlumatın əldə edilməsinin xüsusi yollarını öyrədirlər.
Çünkü biz “Google”da axtarış edib hansısa bir xəstəliyin müasir müalicəsi haqqında bir şey öyrənə bilmərik.
Bunun üçün alt axtarma proqramları var ki, biz o proqramları istifadə edirik. Dünyada o qədər jurnal var ki… Biz hər çıxan jurnaldakı məqalələrə güvənə bilmirik. Çünki o qədər informasiya zəhərlənməsi var ki, biz bunları çeşidləyirik, axtarırıq.
Amma xəstələrə gəldikdə isə, xəstələr bu informasiyanı çeşidləyə, doğrunu, yalnışı ayırd edə bilməz. Onlar, məsələn, “Google”da “mədə xərçəngi” axtara bilər. Amma “mədə xərçəngi” axtardıqda bu işlə məşğul olan peşəkar adamların maarifləndirici məlumatları çox azdır. Çünki biz həkimlər işləyirik, evə gec gedirik və bütün günü işdə olduqda yatan xəstələri vizit eləmək, xəstələri əməliyyatdan öncə görmək, əməliyyata girmək və yorğunluq… Təəssüflər olsun ki, doğru məlumatları öz ana dilimizdə yazmağa, İnternetdə publikasiya eləməyə vaxtımız olmur. Bu da nəticədə İnternetdə güvənilən, doğru məzmunun azlığı ilə nəticələnir.
Bir də bu işin marketinq kommunikasiyası tərəfi var. Məsələn, hansısa bir şirkət və ya şəxs bir vitaminlə, bir bitki ilə, bir bioloji əlavə ilə və ya sarıköklə, soda ilə müalicə haqqında məlumatla Interneti doldurur.
Xəstələr də evdə oturur, məsələn, bir “Google”da axtaranda ki, “Mədə xərçənginin müalicəsi”, onlar haqqında çox təəssüf ki, yanlış məlumatlar olur. Və bu yanlış məlumatlar olduğu üçün də həkimə gələndə, həkim İnternetdə yazılanlardan fərqli bir şey deyir və xəstə çaşqınlıq yaşayır. Qəbul eləyə bilmir. Hansı doğrudur, hansı yanlışdır qərarsız qalır.
Belə hallarda insanın bir xəstəliyi varsa, hansısa bir xəstəlik şübhəsi varsa, İnternet resurslarındansa, birbaşa həkimə müraciət etməsini məsləhət bilərdim. İnsanın səhhəti ilə bağlı bir problemi varsa, peşəkar həkim yardımı almalıdır və ya peşəkar həkimlərin veb səhifələrindən, bloqlarından istifadə olunmalıdır. Hansı ki, həkimin öz imzası var altında.
Belə bir deyim var, daha öncə öz çıxışlarımda da demişdim: “Həkimi çox olanın ömrü az olar”. Bunu əslində biz məlumata da aid edə bilərik: “Çox məlumat insanın ağlını qarışdırar”.
Bir çox xəstəliklərdə gediləcək yollar bəllidir, bəsitdir də… Yəni bunun əməliyyat öncəsi, müayinə metodları bəllidir, veriləcək qərar bəllidir.
Amma insan qərarsız qaldıqda, əsassız məlumatlara, xüsusilə də İnternet qəzetlərində olan məlumatlara yönəldikdə, altında həkim imzası olmayan məlumatlara getdikdə çox təəsüf ki, yanlış nəticələr alır. Hansı ki, o yanlış nəticələri biz həkimlər sonradan düzəltməyə çox çətinlik çəkirik.