Gözümüzün qabağına bir personaj gətirək: kök bir xəstə. Bu xəstə arıqlamaq istəyir. Təbii ki, arıq olmaq onun da haqqıdır. O da başqaları kimi ictimaiyyət qarşısına çıxır, sosial yerlərə gedir… Köklüyündən əziyyət çəksə də doymaq üçün çox yemək məcburiyyətində qalır.
Biz isə, baxıb qınayırıq: “Niyə çox yemək yeyirsən?” Amma biz başa düşmürük ki, bu onun özündən asılı deyil. Artıq mədə genişlənib, bədənin ehtiyacı var, diabetik problemləri var, bu insan daha çox qida almalıdır.
Biz belə xəstələrə mədə kiçiltmə və ya piylənmə əməliyyatı da deyilən bariatrik əməliyyatı təklif edirik.
İşin görülən tərəfi odur ki, bu insan kökdür, sosial problemləri var, arıqlamaq istəyir, ona görə əməliyyat olunur. Amma əməliyyat qərarının verilməsində daha ciddi problemlər rol oynayır. Piylənmədən əziyyət çəkən artıq çəkili pasiyentlərin çox ciddi xəstəlikləri olur.
Bu xəstəliklər hansılardır?
- Bağ, oynaq xəstəlikləri
- Ürək damar xəstəlikləri
- Həzm şikayətləri
- Onurğa xəstəlikləri
- Diabet
Gördüyünüz kimi iki məsələni müqayisə edirik: arıqlamaq və altda yatan ciddi xəstəlikləri.
Yəni, bariatrik əməliyyata yalnız arıqlama əməliyyatı kimi baxmaq düzgün deyil… Bir çox xəstəliklərində profilaktikası kimi baxmaq lazımdır.
Bariatrik əməliyyat hansı çəkidə olan xəstələrdə icra olunur?
Bədən Kütlə İndeksi (xəstənin çəkisinin boyunun kvadratına nisbəti – kq/m2) hesablanması aparılır. Alınan nəticə 35-40 arasındadırsa (obez) və əlavə 2 xəstəliyi (məsələn, şəkər, təzyiq və s.) varsa, o zaman xəstəni mədə kiçiltmə əməliyyatana götürürük. Yanaşı olaraq yaşı 40-dan çoxdursa, birbaşa əməliyyata götürürük.
Mədə kiçiltmə əməliyyatından öncə hansı müayinələr edilməlidir?
Pasiyenti əməliyyata götürməmişdən öncə endokrinoloji problemlərini və pəhriz saxlayıb-saxlamamağını araşdırırıq. Yanaşı olaraq psixoloji problemlərinə də baxırıq. Əgər altda yatan digər səbəblər yoxdursa, yalnız piylənmə xəstəliyi kimi qiymətləndiririksə, o zaman bu xəstələri əməliyyat edirik.
Əməliyyat üçün yaş faktoru 25 – 50 göstərmək olar. Amma gənc pasiyentlərin pəhrizlə arıqlamaq imkanı var deyə, o etapları veririk.
Piylənmə əməliyyatı necə icra edilir?
Əsasən “tüp mide” əməliyyatını icra edirik. Bundan başqa bədən çəki indeksindən və ya şəkər xəstəliyinin olub-olmamasından asılı olaraq ehtiyac olursa, digər əməliyyatlar da icra edilə bilir.
“Tüp mide” əməliyyatı laparoskopik şəkildə icra edilir.
Xəstə əməliyyatdan sonra xəstəxanada 2-3 gün qalır.
Əməliyyatdan sonra yarı-yarıya – bəzən drenaj qoya bilirik, bəzən də qoymuruq.
Xəstəni reanimasiyada saxlamırıq. Əməliyyatdan həmən sonra xəstə palataya köçürülür.
Əməliyyatdan 6 saat sonra pasiyenti ayağa qaldırıb gəzdiririk. 1-2 gün sonra da test verərək, oral qidalanmasını bərpa edib evə yazırıq.
Evə yazdığımız zaman xüsusi pəhriz veririk və xəstə ilə mütəmadi əlaqədə oluruq.