Onkologiya haqqında ilkin təsəvvürlər 2-3 min il əvvəl artıq mövcud idi. Bunu təsvir edən mənbələr qalıb. Amma günümüzdə hələ də onkologiya ilə bağlı suallara cavab axtarılır, onkoloji problemlərin səbəbi axtarılır, incəlikləri öyrənilir ki, insanlar bu xəstəlikdən əziyyət çəkməsin.
Anadan olduq, böyüdük, həyatımızın sonlarına doğru davam edirik. Bu yaşadığımız müddətdə hüceyrələrimiz daim yenilənir. Qan hüceyrələrimiz ölür, təzəsi ilə əvəz olunur, kapilyarlarımız dəyişir, dərimiz daim ölür, dəyişir.. Hüceyrələrimiz daim dəyişir, təzəsi meydana çıxır. Hüceyrələr 2 yerə, 4 yerə, 8 yerə bölünərək çoxalır və planlı şəkildə ölür.
Məsələn, eritrost… Bu hüceyrənin funksiyası oksigeni toxumalara daşımaqdır. Bu hüceyrə yarananda planlı ölümü də bədən oraya qoyur: bu hüceyrə 3 ay sonra və ya 6 ay sonra öləcək. Apoptoz deyilir buna.
Hüceyrə böyüyür, bölünməyə hazır olur, onun içində artıq DNT-lər ikiləşir, dublikasiya olunur, hazır olandan sonra təzədən böyüməyə başlayır. Orada nüvəciklər bölünür. Ondan sonra artıq bölünmə baş verir.
Burada çox gözəl sərhədlər var. Təxminən 3 sərhəd var bu döngüdə. Bu sərhədlərdə, buna check point deyilir, yoxlayırlar.
Buradan gəlin keçək onkologiyaya.
Şiş necə əmələ gəlir?
Demək ki, bu hadisə hüceyrə əmələ gəlmə zəncirinin, apoptozun pozulmasından, hüceyrələrin planlı ölməsinin pozulmasındən başlayır. Genetik faktordan, xarici təsirli faktorlardan, radiasiyadan, tütün məmulatlarından və ya piylənmələrdən ola bilər, bu bölünmə sistemə nəzarət daha zəif olur. Bunlarda bu sistem sönür. Bu sistem söndüyü üçün zərərli hüceyrələr meydana gəlir.
Artıq bunlara xərçəng hüceyrəsi demək olar. Bu hüceyrələr çoxalmağa başlayırlar. Hüceyrə anarxiyası başlayır. Bu hüceyrələr öz-özünə müstəqil yaşamağa, çoxalmağa başlayırlar.
Şiş, metastaz, invaziya…
Bu proses bir müddət əgər davam edirsə, qan-damar sistemi ilə başqa yerə yayılmağa başlayır. Bunun metastaz deyilir. Bir müddət keçirir, böyüyür, o biri orqanlara yapışır. Buna da invaziya deyilir.
Artıq bədənlə şiş hüceyrələr arasında bir mübarizə gedir. Bu mübarizədə şiş hüceyrələri qalib gəlirsə xəstə həyatını itirir.
Lakin müasir dövrdə müxtəlif müalicə metodları var. Cərrahiyyə, terapiya, şüa müalicəsi və bir çox molekulyar müalicələr var ki, həmin müalicələrlə insan şişə qalib gələ bilir. Amma mübarizənin sonu bilinmir. Təəssüf ki, bəzən şiş hüceyrə də qalib gələ bilir.
Bildiyiniz kimi biz daim eşidirik: karsinogen maddələr, radiasiya, piylənmə, siqaret çəkmə – bunlar qıcıqlandırıcı faktorlardır. Əgər bizim nəfəs yollarımız mütəmadi olaraq tütünlə zəhərlənirsə və ya tutaq ki, mədə-bağırsağımıza karsinogen maddələr, qidalar girirsə və ya biz radiasiya olan yerdə, kirli hava olan yerdə işləyiriksə, bunlar normal hüceyrələrin fəaliyyətini pozur. Müdafiə sistemi dəyişir, immunitet bəzən zəifləyir və nəticədə bir şiş hüceyrəsi yaranmış olur.
Xərçəng xəstəliyinə qalib gəlmək üçün insandan asılı olan faktorlar nələrdir?
Burada bir çox faktor var.
Birincisi, insanın psixologiyası həddindən artıq güclü olmalıdır.
Çünki Internetə girib baxacaqsa təbii ki, ancaq mənfi halları görəcək və ya oxuduğunu düzgün başa düşməyəcək. Həkimin verdiyi mesajları düzgün anlamayacaq, Internetdə çox doğru olmayan, qaynağı etibarlı olmayan paylaşımlara inanacaq və ya məsələn, alternativ tibbdə görəcək ki, soda ilə bu sağalır, sarıköklə bu sağalır və s. Ona görə də hər şeydən əvvəl, insanın psixologiyası çox güclü olmalıdır.
İkincisi, peşəkar həkimə getməlidir və getdiyi həkimə inanmalıdır.
Üçüncü faktor isə, sağlam bədənə sahib olmaqdır.
Yuxarıda qeyd etdiyim kimi, burada kompleks müalicələr var: şüa müalicəsinin də yeri var, kimyaterapiyanın da yeri var, cərrahi əməliyyatın da yeri var… Bunların hamısı fiziki baxımdan yaxşı vəziyyətdə olan orqanizm tələb eləyir.
Əgər məsələn, xəstənin bədəninin müqaviməti zəifdirsə, ürəyin zəifdirsə və çox piylənmə varsa, alacağın müalicələr bədəni zəhərləyə bilər, toksiki təsir eləyə bilər. Çünki kimyaterapiya istər-istəməz qaraciyərə toksiki təsir eləyir.
Əgər bu xəstənin ürəyi sağlam deyilsə, qaraciyəri sağlam deyilsə, ağciyəri sağlam deyilsə və ya böyrəkləri sağlam deyilsə, qurtulma şansı azalmış olur.
Sağlam bədən bizə hər zaman lazımdır. Çünki biz istər-istəməz, bizdən asılı olmayan səbəblərdən, məsələn, genetik faktorlardan asılı olaraq bu xəstəliyə tutulsaq belə, yalnız sağlam bədən sayəsində ağır əməliyyatlara dözə bilərik, ağır kimyaterapiyaya dözə bilərik və ya şüa müalicəsinə dözə bilərik və sağlam bədən sayəsində bu xəstəlikdən qurtula bilərik.
Dediyim kimi bu xəstələrə müalicə lazımdır. Müalicəni biz verməsək orqanizm bu xəstəlikdən qurtula bilmir.