Çox maraqlı sualdır. Amma bu suala 3-4 cümlə ilə cavab vermək həqiqətən çox çətindir. Çünki, cərrahi xəstəliklər çox geniş anlayışdır.
Deməli tutaq ki, bir xəstəlik A nöqtəsində başlayır. C nöqtəsi də cərrahiyyədir. Arada B nöqtəsi var.
Xəstəlik B nöqtəsində olanda, tibbdə, hüceyrə fiziologiyasında belə bir anlayış var – xəstəliyin orqanizmdə törətdiyi dəyişikliklər bəzən geri qayıda bilir, bəzən geri qayıda bilmir. Nə qədər ki, dəyişiklikləri geri qaytara bilirik, bu xəstəliklər cərrahiyyəyə namizəd sayılmır. Bunlar basqa üsullarla: konservativ müalicə ilə və ya başqa metodlarla həll olunur. Amma bəzən bunun üçün çox gec olur və dəyişikliklərin geri qaytarılması mümkün olmur. Bu xəstəliyin müalicəsi ancaq cərrahiyyədir.
Ümumi cavab versək, məsələn, travmalar, qanaxmalar, avto qəzalar, odlu silah yaralanması və yaxud məişət travması – kəsilmiş, deşilmiş yaralar olsun – bunlar əgər çox dərindirsə, bunları bəzən saxlamaq olmur. Çünki xəstə çoxlu qanaxmadan və ya ağrı şokundan itirilə bilər… Bunlara bəli, cərrahi müdaxilə lazımdır.
Onkoloji cərrahiyyə
Sualın başqa bir cavabı, onkologiyaya aid ola bilər. Onkoloji xəstəliklər də, əgər söhbət qarın boşluğu orqanlarından və digər orqanlardan gedirsə, özlüyündə tiplərə və mərhələlərə bölunür. Bunları isə, tipindən və mərhələsindən asılı olaraq bəzən cərrahi əməliyyatla, bəzən də kimyaterapiyalarla müalicə edirik.
Qarın boşluğu cərrahiyyəsi
Ya da, məsələn yırtıqlar olsun… Yırtıqlar bildiyiniz kimi qarnın ön divarlarında əmələ gələn defektlən yaranan bir xəstəlikdir. Burada qarın boşluğu orqanlarının yırtıq kisəsinin içərisində dəri altına qədər uzanması baş verir. Əgər bir defekt varsa, bu defekt heç vaxt öz-özünə bağlanmayacaq. Simptom əlamətləri verirsə, yırtıq möhtəviyyatını həyati vacib orqanlar təşkil edirsə, ağrı da verirsə, yaş da irəliləyirsə, artıq bunu əməliyyat etmək lazımdır.
Bu xəstəlikləri adbaad sayıb çoxaltmaq olar. Məsələn, ürək əməliyyatını götürək. Tutaq ki, stendlə sağala bilmirsə, o artıq cərrahi əməliyyata getməlidir.
Digər tərəfdən, cərrahi əməliyyatın da öz limiti var. Ancaq o mərhələdə əməliyyat oluna bilər. Çünki cərrahi əməliyyat bildiyiniz kimi narkozla, yəni ağrısızlaşdırma, anesteziya ilə icra olunur. Əgər biz o dəstəyi ala bilmiriksə, anesteziyanı istədiyimiz qədər ala bilmiriksə, artıq bu dəfə də cərrahi əməliyyat edə bilmirik.
Yəni bu çox kompleks sualdır, cavabı da ki, təəssüf ki, çoxşaxəlidir. Gələcəkdə mövzu-mövzu danışsaq, çox yaxşı olar.