Categories
CƏRRAHİYYƏ

Cərrah seçimi edərkən…

İnsanlar öz cərrahlarını necə seçməlidir? 

Ümumiyyətlə, dünyada olan praktikaya baxdıqda görürük ki, dünyanın məhşur cərrahları, tanınmış həkimləri heç vaxt öz işlərini, cərrahi şəkillərini, öz pasiyentlərinin şəkillərini heç vaxt paylaşmır, yanlız maarifləndirici çıxışlar edirlər. Bu çıxışlarını həm YouTube-da, həm peşəkar işlədikləri xəstəxanaların saytlarında paylaşırlar. 

Amma Azərbaycanda bu, bir az fərqlidir. Amerikada bir pasiyentin cərrah seçimi, Almaniyada bir pasiyentin cərrah seçimi bizim ölkədən tamamilə fərqlidir. 

Onlarda necə olur? 

Tibbi Sığorta Sistemi

Onların ailə həkimləri var. İnsanlar xəstələndikdə buraya müraciət edirlər. Müraciət zamanı xəstəliyin diaqnozu qoyulur. Ondan sonra təyinatı üzrə göndərilir növbəti mərhələdəki xəstəxanaya. Orada onu həmin gün poliklinikada olan növbətçi həkim baxıb müayinə edir və əməliyyatı haqqında məlumatlandırır.

Həkim seçmək hüququ

Bu ümumi iş sistemi belədir. Amma başqa bir iş sistemi daha var. Tanınmış həkimlər var ki, məsələn, Amerikanın top 10 universitetlərində işləyən professorlar. Onlar daha yüksək səviyyəli həkimlərdir. Onlar xalq tərəfindən tanınır. Bəzən Internetdə axtarırlar, daha sonra onlara müraciət edirlər. Onların randevu siyahısı uzun olduğu üçün bəzən də əlavə ödənişlə də olsa, onların qəbuluna düşə bilirlər və seçib istəyirlər ki, o həkim bu xəstəliyi əməliyyat etsin. 

Dediyim kimi, sığorta sistemində bu işlər belədir. Yəni mərhələli, ailə həkiminə müraciət etdilər. Müraciətdən sonra bir növbəti, daha ixtisaslaşmış xəstəxanaya göndərilir. 

Amma hər bir ölkədə olduğu kimi Azərbaycanda da həkimin pasiyent seçmə hüququ var. Yəni bu Avropada da belədir, dünyada da belədir. 

Hansı həkim yaxşıdır?

Amma o yaxşı həkim hansı həkimdir? İnsanlar yaxşı həkimi necə axtarıb tapacaq? 

Çünki sosial şəbəkələrdə onların icra etdikləri əməliyyatların fotoşəkilləri yoxdur. Lap tutaq ki, həkim şəkil paylaşdı, əməliyyat şəklini, videosunu qoydu sosial media hesablarında… İnsanlar necə əmin ola bilər ki, bu əməliyyatı o həkim edib yoxsa yox. Pasiyentlər bəzən informasiya çoxluğundan seçim edə bilmirlər. 

Və ya.. Bir həkim ard-arda paylaşım edir, o biri həkim heç paylaşım etmir. Xəstələr bəzən tərəddüd edirlər. Bəzən sosial medianın gücünə inanıb o həkimlərə gedirlər. 

Internetdə həkim axtaranlar

Azərbaycanda o ailə həkimi sistemi hələ təzə-təzə başladığı üçün, yönləndirmə sistemi hələ ki yoxdur. Bizdə çox yaxşı ixtisaslaşdırılmış xəstəxanalar var. Yəni bu xəstəlik üzrə tutaq ki, bu xəstəxana ixtisaslaşıb. Pasiyent birbaşa oraya getmək istəmirsə, özü alternativ axtarır Internetdə. Bu şəkildə öz güvəndiyi həkimə gedir. Bu, təbii ki, müəyyən qisimdir. 

Dost-tanış məsləhəti ilə həkim seçənlər

İkinci qisim pasiyentlər həkimi necə seçir? Dost-tanışı ilə. 

Yəni dostuna, tanışına deyir ki, mənim filan xəstəliyim var, filan şikayətim var. Tanışı da deyir ki, “Mən filan həkimə getdim, bu əməliyyatı olundum. Yaxşı həkimdir, məsləhətli həkimdir”. Bir buna görə seçənlər var. 

Qiymətə görə seçim edənlər

Müəyyən bir kəsim də var ki, bunlar qiymətin münasib olduğu yerləri axtarırlar. Uzun illərdir Azərbaycanda özəl sektorda tibb təminatı, yəni sığorta yox idi. İndi təzə-təzə yaranıb. İnsanlar qiymətin münasib olmasını istəyirdi. Qiymətlər bəzi xəstəxanalarda fərqli-fərqli olur və ya həkimdən asılı olaraq fərqli-fərqli olur. 

Akademik fəaliyyətin önəmi

İndi bayaqkı sözümüzə qayıdaq: Amerikada tanınmış həkim necə şöhrət qazanıb? Axı bu adam indiyə qədər Instagram-da, Facebook-da və ya başqa bir yerdə paylaşım etməyib. Yəni bu həkimi yaxşı həkim edən nə olub? Bu həkimi yaxşı edən akademik karyerası olub. Məsələn, Amerikada Board sertifikat deyilən bir anlayış var. Bu, Avropada da keçərlidir. Türkiyədə buna yetərlilik deyirlər. Məsələn, insanlar çalışdıqca elmi məqalələr yazır, daha yaxşı yerlərə gəlir, elmi fəaliyyətin ünvanını artırır. Bundan sonrakı mərhələdə artıq gəlir ki, Board sertifikatını alsın və həqiqətən də, Amerika kimi və ya səhiyyəsi daha yaxşı inkişaf etmiş ölkələrdə biz Internet üzərində axtaranda Board sertifikatlı bir cərrah deyir, onlar tövsiyə edilir əməliyyat olunmağa. Həkimin bu akademik fəaliyyəti də bu hissədə çox önəmlidir. Çünki akademik fəaliyyətlə məşğul olaraq həkim öz elminə olan sevgisini göstərir və bu işləri daha çox edir və daha yaxşı nəticələr alır. Bunu elmlə bağlı çevrələrdə paylaşır və insanlar başlayırlar bunu tanımağa, öyrənməyə. Bilirlər ki, bu, bu işin ustasıdır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir