Məsələn, xəstənin yoğun bağırsaq xərçəngi var. Biz bu videolarda, qısa videolarda çalışacağıq ki, “Xəstə həkimə hansı sualları verməlidir?”
Bu da keçən həftə bir xəstə gəldi dedi: “Nə sual verəcəyimi bilmirəm”.
Dedim, “Əslində düz deyirsiniz. Bəzən bu adam şok vəziyyətində nə sual verəcəyini bilməyə bilər”. Ona görə də burada çalışacağam bütün xəstəliklər üzrə sistematik şəkildə hamısını izah edim. Xəstələrimiz də oxuyaraq anlasınlar ki, “Burada nə suallar verməlidir?” və bu suallarda məntiq nədir?
Mənim üzərimdə hansı əməliyyatı planlayırsınız və məqsədiniz nədir?
Birinci sual ondan ibarətdir ki, “Mənim yoğun bağırsağımda xərçəng var. Siz mənim üzərimdə hansı əməliyyatı planlayırsınız və məqsədiniz nədir?”
Bu sual mütləq verilməlidir. Çünki əməliyyatlar müxtəlif ola bilər, xəstə bilməlidir ki, mən bunu nəyə görə əməliyyat edirəm? Biz xəstəyə izah edirik ki, sən qapalı əməliyyat olacaqsan və ya açıq əməliyyat olacaqsan. Qapalı əməliyyatın üstünlüyü budur, açıq əməliyyat olunmağın üstünlüyü budur. Və hər iki halda sənin əməliyyatın onkoloji planlı olur. İstəyir qapalı, istəyir açıq əməliyyat. Hər iki halda onkolojik planla olunmalıdır. “Onkoloji plan” dediyimiz isə daha öncə videolarımda bəhs elədiyim kimi limfa düyünləri ilə birlikdə bağırsaq müsariqəsi ilə birlikdə həmin şiş olan bağırsağın çıxarılmasıdır. Məqsədimiz, burada məqsədimiz şişlə zədələnmiş bağırsaq seqmentini limfa düyünləri ilə bərabər çıxartmaqdır. Bundan sonra həyatına onkologiyasız, yəni bədəndə şiş hüceyrəsi olmadan davam etməkdədir. Amma ondan sonra, artıq yekun əkilmənin cavabından sonra, patosistoloji rəydən sonra isə artıq qərar verilə bilər ki, “Kimya alsın, yoxsa tək cərrahiyyə bəs edirmi?”
Əməliyyatın uğur faizi nə qədərdir?
Növbəti sual ondan ibarət ola bilər ki, “Biz əməliyyat olacağıq, xəstəxanada yatacağıq, maliyyə xərclərimiz çıxacaq. Bizim uğur nisbətimiz, uğur faizimiz nə qədərdir?”
Yoğun bağırsaq xərçəngi əgər limfa düyününə sıçramayıbsa və proqnoz etibarilə göstəricili olaraq daha yaxşıdırsa, demək olar ki, bir çox hallarda kimya terapiya almırlar. Mən sizə kobud şəkildə belə deyim: birinci, ikinci, üçüncü, dördüncü mərhələ olsa… Birincisi özü də neçə mərhələyə bölünür, ikincisi də bölünür, üçüncüsü də bölünür. Bunların başlanğıc mərhələsində olanlar növbəti etapda heç kimya almır. Yalnız cərrahi əməliyyat bu xəstəlikdən qurtulmaq üçün bəs edir.
Əlavə bir əməliyyata ehtiyac yarana bilərmi?
Növbəti sual isə: “Bu əməliyyatla hər şey bitirmi? Növbəti bir cərrahi əməliyyata ehtiyac ola bilərmi?”
Bu suala, əsasən, iki cür cavab verir: Bir bu əməliyyatın əgər olası fəsad olarsa, məsələn, düz bağırsaqda riskli bir anastomoz var, daha öncə kimya alıb. Biz bu anastomozu qoyuruq, amma bunu tutmadığı halda mütləq bağırsağı biz çölə çıxartmalıyıq. Bu haçan olur? Normal halda 6 faiz halda olursa, amma xəstə əməliyyat öncəsi kimya alıbsa, siqaret çəkirsə, şəkər xəstəsidirsə, bu faiz istər-istəməz 15-20 faizə qədər çıxa bilir. Yəni gördüyünüz kimi 5 xəstənin birində anastomuz buraxmaq riski olur. Ona görə xəstəyə izah edirik. Ya əvvəlcədən kolostoma açılmalıdır və ya riskli anastomoz qoyulub sonradan bir problem çıxarsa, o zaman kolostoma çıxır. Yəni növbəti cərrahiyyə fəsad çıxan hallarda ehtiyac ola bilər və ya elə bir əməliyyatlar olur ki, bağırsaq keçməməzliyi fonunda gəlir. Biz birinci etapda şiş olan hissəni götürürük, bağırsağı müvəqqəti çölə çıxardırıq, ikinci də bir rekonstruksiyaya ehtiyacı olur. Yəni xəstədən xəstəyə bu müalicə, yanaşmaları dəyişə bilər, əlavə cərrahiyyə ehtiyacı ola bilər.
Mənim bədənim cərrahiyyəyə dözərmi?
Növbəti sualımız da çox önəmli və maraqlı bir sualdır: “Mən cərrahiyyə əməliyyatı üçün sağlam namizədəmmi?” Yəni “Mənim vücudum, bədənim cərrahiyyəni qaldıra bilərmi?”
Biz ona görə də əməliyyatdan öncəsi öz təcrübəmizdə xəstəni əməliyyat öncəsi müayinələrdən keçirərkən mütləq çalışıram ki, 1 həftə – 5 gün əvvəl müayinələrdən keçirim. Həmin müayinələr zamanı istər kardioloq, ehtiyac halında endokrinoloq, reanimatoloq, anestezioloq bunlar hamısı xəstəni görmüş olurlar. Və onlar ehtiyac halında xəstəyə məsləhət verirlər. Məsələn, deyirlər ki, “Sənə hal-hazırda əməliyyat eləmək risklidir”. “Sən bu bir həftə bu dərmanı içməlisən.” Biri deyir: “Şəkərini kontrol etmək lazımdır.” Ürək həkimi deyə bilər ki, “Təzyiqin çox yüksəkdir, sənin təzyiqini aşağı salaq” və ya tam tərsi ürəkdə elə problem çıxa bilər ki, biz deyirik ki, “Sənə narkoz vermək risklidir. Sən mütləq birinci ürək əməliyyatını olun, ‘angio’ olun, ondan sonra sənə əməliyyat olunar”. Bu suala da cavab vermək üçün mütləq əməliyyat öncəsi xəstəyə hazırlıq zamanı, “əməliyyat paketi” deyirik, o paketi keçdikdən sonra xəstəni artıq əməliyyata götürmüş oluruq.
Əməliyyatın məndə yan təsiri olacaqmı?
Növbəti sualımız: “Bu əməliyyatdan sonra məndə qalıcı yanaşı təsirlər ola bilərmi?” və ya “Mənim sağlamlığıma, növbəti həyatıma necə təsir edəcək?”
Burada da biz xəstənin hansı əməliyyatı eləməmizdən çox şey asılıdır. Təbii ki, əgər mədə işinə görə əməliyyat ediriksə, bunlarda qalıcı reflüks ola bilər və ya bağırsaq şişi ediriksə, kolostomu çıxardırıqsa, bu bağırsağın çölə getməklə bunun həyat keyfiyyətini aşağı sala bilər. Və ya yoğun bağırsağın total hissəsində, bütöv hissəsində şiş varsa, bütün bağırsağını götürürüksə, tez-tez tualetə gedə bilər, amma tualet aktını idarə edə bilər. Bəzən sfinkter qoruyucu əməliyyatlardan sonra xəstə, məsələn, tualet aktını idarə edə bilmir. Hava çıxmış olur, nəcis qaçırmalar da müşahidə oluna bilir. Təbii ki, xəstədən xəstəyə keçiriləcək əməliyyatdan asılı olaraq bunlar ona mənfi yöndə təsir edə bilər. Amma burada məqsədimiz onkologiyadan qurtarmaq olduğu üçün bu yanaşı təsirləri biz gözardı edə bilirik.
Əməliyyat olunmasam nə olar?
Bəzən bizə xəstələr gəlir, bu mənim canımı sıxan sualı verir: “Əgər mən bu əməliyyata getməsəm, nə olar?”
Biz də xəstəyə deyirik ki, sən bu əməliyyata getməsən, o şiş böyüyəcək, ətraf damarları tutacaq, qanaya bilər, bağırsağı tuta bilər, nəcis qusa bilərsən, bağırsaq keçməməzliyi verə bilər. Elə halda daha çətin əməliyyata gedə bilərsən. Və bunu edəndə elə bilirlər ki, biz onlar üzərində psixoloji təzyiq edirik ki… Çünki yaxınlarından elə bir reaksiya görürəm. “Həkim nə oldu? Elə gələn kimi hamı əməliyyat, əməliyyat, əməliyyat!?”
Amma izah eləmək lazımdır ki, bu tərəzinin iki gözüdür. Yəni bu əməliyyat eləsən, riskləri nədir? Təbii ki, riskləri var. Bəzi hallarda ölümlə də nəticələnə bilir, amma bu işin sonunda səni xəstəlikdən qurtarmaq var. Amma bəzi hallarda isə əməliyyat etməsən, onsuz da, bu yol çıxmaz bir küçədir. Ona görə də mən düşünürəm ki, əməliyyata göstəriş varsa, xəstə mütləq riskləri qəbul edib əməliyyat olunmalıdır.
Uğurlu əməliyyatdan sonra nə etməliyik?
Bu sual mütləq verilməlidir. “Əgər cərrahi əməliyyata götürüldü və əməliyyat uğurlu olmadı. Növbəti nə etməliyik?”
Mən xəstəni əməliyyata götürdüm. Qarın boşluğunda daha öncə kompüter tomoqrafiyada və ya digər müayinələrdə aşkarlanmamış bir vəziyyət aşkarladıq ki, biz açdıq / bağladıq. Və məsələn girdin əməliyyat eləməyə, bunun həyatı vacib orqanlara yapışıq olduğunu gördün və əməliyyatı istədiyim şəkildə eləyə bilmədin, bir palliativ əməliyyat elədin. Bu halda artıq xəstəni növbəti bir çox hallarda palliativ müalicələrə gedir, yəni köməkçi müalicələrə. Amma bəzən biz bunları kimyaya göndərib, kimya ilə də gözəl nəticə aldığımız xəstələr olur.
Sığorta əməliyyat xərclərini ödəyirmi?
Bu sual da sevmədiyim sual olsa da, amma demək olar ki, hər xəstəni maraqlandıran bir sualdır. Xəstələr daima sual verir ki, “Mənim icbari sığortam var. İcbari sığortam bu əməliyyatımı ödəyirmi?” və ya “Mən bu əməliyyat üçün nə qədər ödəməliyəm?”
Təəssüf olsun ki, günümüzdə biz həkimlər artıq xəstəlikdən çox, ancaq xəstə ilə maddi məsələləri danışırıq. Çünki maddi məsələlər, tibb xərcləri, xüsusilə, bahadır. Yəni gedən dəva-dərmanlar, alətlər, müalicələr, yatış günləri… Bunlar hamısı kifayət qədər məsrəf aparan bir şeylərdir. Amma mən düşünürəm ki, gələcəkdə icbari sığorta bunların bir çox hissəsini örtər maddi olaraq və xəstənin həkimlə pul söhbəti eləməyi ayıbdır. Mən özüm də utanıram belə pul söhbəti eləməkdə. Hə, amma burada mütləq xəstə soruşur: “Mənim sığortamı ödəyirmi?” Deyim ki, onkologiyada bildiyimə görə, yəni öz praktikamdan da bilirəm, yəni icbari sığorta onkoloji məsrəfləri ödəmir hal-hazırda. Bəlkə də, bu video çəkiləcək, tarix olacaq, sonra ödəyəcəklər. Onu deyə bilmərəm. Amma hal-hazırda bu gün üçün danışıram mən. Bəzən icbari sığorta müəyyən hissəsini ödüyür, hamısını ödəmir. O halda da düşünürəm ki, xəstəxananın xüsusi maliyyə hissəsi xəstələrə ətraflı məlumat verməlidir. Çünki 90 faiz, 80 faiz hallarda verilən pul bunun müalicə məsrəfini ödəyir. Amma bəzi fəsad çıxan hallarda, yanaşı çıxan hallara, xəstəliyi olanlarda ağırlaşmalar olan hallarda isə ödəmir. Bu zaman da narazılıq çıxmış olur ki, “Həkim nəyə görə bu qədər pul istəyir?” Ona görə düşünürəm ki, bu işdə peşəkar, hər şeyi ətraflı şəkildə xəstəyə izah edəcək, maliyyə şöbəsi olmalıdır və maliyyə şöbəsi xəstələrə qiymət haqqında ətraflı məlumat verməlidir.
İl ərzində bu əməliyyatı nə qədər edirsiniz?
Növbəti sual isə bu mütləq həkimin öz datası, belə loru dildə desəm “dannısı”, həkimin necə deyim, öz sayı, öz statistikası xəstələrə lazım olur. Siz bu əməliyyatı edirsinizmi? İldə neçə dənə edirsiniz? Çünki əməliyyatı mütəmadi eləyən şəxslərin nəticələri daima yaxşı olur. Amma heç bir halda bu işin zəmanəti yoxdur. Dünyanın hər bir yerində bu belədir.
Xəstə mütləq həkimindən soruşmalıdır ki, “Siz il ərzində bu əməliyyatın sayını qədər edirsiniz?”
Çünki müəyyən bir əməliyyatın illik sayı var ki, o sayın üzərində olduqda o adamın nəticəsi digər həkimlərlə müqayisə etdikdə daha yaxşı olur və onkoloji prinsiplər də daha yaxşı olur və proqnostik etibarilə və ağırlaşma çıxanda, ağırlaşmaya yönəltməsi belə daha yaxşı olur. Mütləq həkimin təcrübəsi düşünürəm ki, soruşulmalıdır bu sahədə nə qədər təcrübəlidir.
Əməliyyatdan sonra nə yeməliyəm?
Növbəti sualımız isə “Əməliyyatdan sonra və əməliyyatdan öncə nə yeməliyəm, nə geyinməliyəm, xəstəxanaya nə gətirməliyəm?”
Təbii ki, bunlar xəstə yatış müddətində xəstəyə məlumat verilir. Əsas problem xəstənin əməliyyatdan sonra nə yeməsidir. Bizdə də xəstə gəldi ancaq istəyir ki, bütün hər şeyini öz cərrahı həll eləsin. Dieti də bizdən soruşsun. Amma çox yaxşı olar ki, məsələn, əməliyyat olunan yerdə bir rəsmi dietoloq varsa, o dietoloq o cərrahla kontakta girirsə, mütləq cərrah xəstəni dietoloqa verməlidir və dietoloq nəzarətində olmalıdır. Çünki ciddi xəstəliklər var ki, burada protein itirməsi olur, əzələ kütləsinin itirilməsi olur, zəiflik olur… Bunları təkcə yeməklə bərpa eləmək olmur, digər bir yanaşı dəva-dərman da almaq ehtiyacı olur. Ona görə düşünürəm ki, peşəkar komandanın mütləq dietoloqu olmalıdır.
Əməliyyatdan nə qədər sonra tam sağalacacağam?
“Mənim sağalma müddətim, bərpa müddətim nə zamandır? Əməliyyatdan sonra xəstəxanada nə qədər qalacağam? Əməliyyatdan sonra mən haçan işə çıxa bilərəm?”
Mütləq cərraha verilməlidir. Çünki o öz planlamasını etməlidir. Məsələn, mənə bəzən xəstə müraciət edir, “Əməliyyat olunacağam, sonra təyyarə ilə öz şəhərimə gedəcəyəm. Bir həftə sonra gedim?”
Biz tikiş tikmişik, əməliyyat eləmişik. Əməliyyatda təzyiq artır. Əməliyyatdan sonra yarası axmağa başlayır. Bunları mütləq həkim özündə maraqlanıb xəstəyə soruşmalıdır ki, “Sən üç həftə burada qalmalısan… İki həftə burada qalmalısan. Ondan sonra təyyarəyə minməlisən”. Bunlar soruşulmalıdır və əməliyyatdan əməliyyata dəyişməkdədir. Yoğun bağırsaq əməliyyatları əsasən qapalı olduğu halda 3-4 günə çıxa bilirsə, açıq əməliyyatda bəzən 5-7 günə çıxa bilir. Burda da yarası tam sağalmalıdır, drenajı çəkilməlidir. Tam aktiv şəkildə evə yazılmalıdır. Keçirdiyi əməliyyatın açıq və qapalı olmasından asılı olaraq bunun iş həyatına dönüşü də dəyişə bilir. Hər xəstədə müxtəlif olur.
Mütləq bizə ola biləcək ən böyük problemlərdən biri… Biz həkimlər də, xəstələr də elə bilirik hər şey gül-gülüstandır. Deyir ki, elə əməliyyat olub, qurtarsın getsin, falan-filan. Nə həkimlər fəsaddan danışmaq istəyir, nə xəstələr. Çünki dediyim kimi, 90 faiz halda hər şey yaxşıdır, amma 10 faiz halda ilişirsən. Bu niyə belə oldu? Bu niyə belə oldu? Amma mütləq yanaşı təsirlər soruşulmalıdır. Əməliyyatdır. Anastomoz qoyursan, bağırsağı bir-birinə calayırsan. Bu sağalacaqmı? Birincili sağalacaq. Sağalmadığı halda nə ola bilər? Burada müxtəlif ölümə qədər gedib çıxa biləcək ağırlaşmalar ola bilər ki, buraxa bilər, peritonit ola bilər, bağırsaq çölə çıxa bilər, qanaxmalar ola bilər… Bunların hamısı detallı şəkildə soruşulmalıdır. Mən hesab edirəm ki, əsas xəstəni bu danışdığımız suallar içində birincisi puldursa, hal-hazırda maliyyədirsə, “Bu əməliyyat nə qədər olacaq?” ikincisi isə “Mənim əməliyyatımın fəsadları varmı?”
Mütləq fəsadlar məlumatlandırılmalıdır və həm həkim tərəfindən, həm xəstə tərəfindən bir razılaşma olmalıdır. Çünki ilk dəfə gəlib əməliyyata. Fikirləşir ki, qonşusu əməliyyat olunub, o əməliyyat olunub, bu əməliyyat olunub. Hamısı yaxşıdır. Bu adam da yaxşı olmaq istəyir və gəlir əməliyyata. Cərrahı ilə danışır, gedir, əməliyyat olunur. Əməliyyatdan sonra bir problem çıxır, yanaşı fəsad çıxır. Belə çıxan halda o istər-istəməz, beynində fikirləşir ki, nə oldu? Hamı oldu, hamıda olmadı. Çünki cəmi üç-dörd adamı tanıyırdı əməliyyat olunan. Amma yüzlərlə, minlərlə tanımır və statistikanı bilmir. Statistik olaraq dünya hər yerində, onsuz da, bir ağırlaşma ehtimalı, xəstədən-xəstəyə dəyişməklə, 15-16 faizə qədər ağırlaşma ola bilər. 2-3 faizə qədər ölüm ehtimalı ola bilər. Məsələn, ürəylə əməliyyat olunub: “Nə oldu, hamı beş günə sağaldı. Mən 20 günə sağaldım.” Amma o bilsə ki, “Tamam, mən bu riski qəbul edirəm. Bu əməliyyatı olacağam. Amma 13-12% fəsad yaranma riski var…” daha rahat keçər.
Risk kalkulyatorları var. Mən öz təcrübəmdə istifadə edirəm. “Səkkiz faiz ağırlaşma ehtimalı var”. Artıq əməliyyatı ağırlaşanda deyir ki, “Həkim mənə demişdi. Bu ola biləcək bir şeydir. “Yoxsa ümidlə baxır ki, “Görəsən, mən səhv həkimmi seçdim?” Bütün suallar soruşulmalı, o tərəddüdlər, şübhələr sıfırlanmalıdır ki, bu prosedur daha yaxşı keçsin.