Categories
ONKOLOGİYA

Mədəaltı vəzi xərçəngi ilə yaşamaq olarmı?

Xəstə özü sual verməsə də, yaxınları sual verir ki, bu xəstə nə qədər yaşaya bilər? Bunun yaşama ehtimalı nə qədərdir? Tibbi ədəbiyyatda nə qədər göstərilmişdir? 

Onkoloji xəstəliklər mərhələli xəstəliklər olur və bunların əsas 2 nəticəsinə baxırlar: Əməliyyatsız yaşama müddəti, əməliyyatla yaşama müddəti.

Mədəaltı vəzində bu rəqəmlər, həqiqətən də, çox ürək açan deyil. Bütün dünyada belədir. Çox əlləşsək də, bu rəqəmləri, çox yuxarıya çəkə bilmirik. Tibb sahəsində çox tədqiqatlar aparılsa da, bu rəqəmləri biz yuxarıya apara bilməmişik. Günümüzdə səhiyyənin böyük problemlərindəndir mədəaltı vəzilər. Mədəaltı vəzi xərçəngi ölümü onkoloji xəstəliklər arasında çox yuxarı göstəricidir. 

Amma burada bizə çox faydalı ola biləcək bir şey var: erkən diaqnoz.

Yəni xəstəlik nə qədər erkən aşkar olunarsa, o qədər uzun yaşama müddəti və ya xəstəliksiz sağ qalma müddəti var. Yəni bu xəstələrdə erkən diaqnostika çox önəmli bir roldur. 

Mədəaltı vəzi xərçəngində də siqaret, alkoqollu içki qəbulu, genetik faktor – özəlliklə bizim ölkəmizdə çox böyük bir rol oynayır və kifayət qədər çox rast gəlinir. 

Yəni əhalinin hər milyon nəfərinə hesablasaq, 20, 30, 50 mədəaltı vəzi xərçəngi olur. İl ərzində 200-300 insan mədəaltı vəzi xərçəngi tutula bilər bizim ölkədə. Bunların da nəticəsi çox ürəkaçan deyil. 

Mədəaltı vəzi xərçəngi diaqnostikası necə aparılır? 

Risk qrupu olaraq alkoqollu içki qəbul edənlərdə və genetik risk faktoru olanlarda daha çoxdur. 

Bunlarda yaş faktoru var. Əsasən 55-60 yaşından sonra ortaya çıxır. Amma çox nadirən də olsa cavan xəstələrdə də görürük. 

Diaqnoz Kontrastlı Komputer Tomoqrafiya çəkdirmək bəzən bizə kifayət edir. Çünki pankreas haqqında, tibbdə belə bir söz var: “Əksi isbat edilənə qədər mədəaltı vəzi şişini daima bədxassəli qəbul et”. 

Əgər biz arada şübhəli qalırıqsa, bəzən EUS (endoskopik ultrosonoqrafiya) dediyimiz, endoskopla girib oradan mədəaltı vəzin başından və ya törəmə olan yerdən biopsiya alıb Histoloji laboratoriyada təsdiqlədə bilirik. 

Amma çox vaxt buna ehtiyac olmur. 

Çünki komputer tomoqrafiya ilə artıq orada törəmə görülübsə, dediyim kimi, əksi isbat olunana qədər bu bədxassəli olaraq qəbul olunmalıdır və əməliyyatla götürülməlidir. 

Mədəaltı vəzi xərçənginin müalicəsində çətinlik nədədir?

Mədəaltı vəz çox mürəkkəb bir orqandır. İstər anatomik yerləşməsi, istərsə də funksiyası çox mürəkkəb bir orqan halına gətirib çıxarır. 

Bildiyiniz kimi bədəndə bir çox fermentləri istehsal edir, həzm traktında iştirak edir, həzmdə rol oynayır. İnsulin sistemimiz də mədəaltı vəzdən qaynaqlanır. 

Mədəaltı vəz onikibarmaq bağırsaq və mədə ilə, arxada tərəfdən bizim ana damarlarımız olan aorta ilə və aşağıdan boş vena ilə, öd yolları ilə, dalaqla və yoğun bağırsaqla qonşu olan və retroperiton dediyimiz qarın boşluğunun arxasında yerləşmiş bir orqandır. 

Bütün bunlar da mədəaltı vəzin cərrahi müalicəsini texniki olaraq çox çətin edir. Çünki, bildiyiniz kimi törəmə haradadırsa, biz o hissəsini kəsib götürürük. 

Əgər quyruq hissəsində yerləşirsə, bunu biz asanlıqla kəsib götürə bilirik. Amma burada da neqatif bir hal var ki, quyruq hissədə olduğu üçün bunun əlamət verməsi bir az gec çıxır. 

Baş hissədə olanlar isə texniki olaraq daha çətindir, hətta mən deyərdim qarın boşluğunun ən çətin əməliyyatlarından biridir. Çünki onun o zaman biz mədəaltı vəzin baş hissəsini, onikibarmaq bağırsağın, mədənin son qismini, öd yollarını və öd kisəsini çıxarırıq və bunların hamısını rekonstruksiya edirik, yəni nazik bağırsağı gətirib, orada təzdən gətirib biz anastomozlar, dolayı keçidlər qoyuruq. 

Amma baş hissəsində əmələ gəlirsə, bu daha tez əlamət verə bilər. Verdiyi əlamətlər xoş olmasa da, əsasən, sarılıq əlamətləri verir. Çünki orada öd yollarını sıxır, insanlarda ağrı, titrəmə, temperatur ola bilər. Və ya birbaşa sarılıq əlaməti, ağrısı yox, bir şeyi yox amma sarılıq əlaməti verə bilər. Sarılıqdan da biz uşaqlıqdan qorxduğumuz üçün, yəni insanlarımız sarılıqdan məlumatlı olduğu üçün həkimə həmən müraciət edirlər. Amma xroniki ağrı varsa, həzmsizlik varsa, müraciət etmirlər. 

Həkimə müraciət edəndə sarılıq varsa, artıq biz bunu sarılığa yönəlik birinci müayinələr edirik və müayinədə tutaq ki, mədəaltı vəzin başında xərçəng çıxıbsa, ondan sonra artıq biz bunun mərhələsini qoymaq üçün ümumi müayinələr aparırıq, xəstəlik başqa yerə yayılmayıbsa, sarılığı da müəyyən limitdədirsə, birbaşa cərrahi əməliyyata götürə bilirik. 

Yox, sarılıq yuxarı həddədirsə, biz bunlara bəzən bədənə istirahət vermək üçün dolayısı yollarla, yəni ERCP dediyimiz, öd yollarının açılması, stendlənməsi əməliyyatları, endeskopi əməliyyatları edib xəstəni hazırlayıb, qaraciyərə istirahət verib, bədən özünə gəldikdən sonra əməliyyata hazırlayırıq. 

Mədəaltı vəzi xərçəngi əməliyyatı necə aparılır? 

Əməliyyat texniki olaraq, mən əvvəldə ifadə etdim, qarın boşluğunun çətin əməliyyatlarından biridir. 

Mədəaltı vəzin baş hissəsi kəsilir, onikibarmaq bağırsaqla bərabər götürülür, öd yolları götürülür, limfa diseksiya aparılır və texniki olaraq bunu mən deyərdim ki, hər mərkəzdə icra olunmur. 

Tövsiyyələrdə də belədir ki, hər mərkəzdə icra oluna bilməz. Çünki yarana biləcək fəsadları aradan qaldırmaq üçün yaxşı bir komanda lazımdır. 

Burada cərrah müəyyən komandanı təşkil edirsə: reanimasiya həkimi, digər ixtisas həkimləri.. 24 saat nəzarət vacibdir. 

Çünki əməliyyatdan sonra qanaxma riski var. Bundan başqa, əvvəl də qeyd etdiyim kimi mədəaltı vəzi həzm fermentləri istehsalı edir. Bağırsaqla pankreas arasında uyuşmazlıq olarsa, həmin həzm fermentləri qarın boşluğuna dağıla bilər və növbəti pankratit yarana bilər ki, beləcə xəstəliyin gedişatını uzatmış ola bilər. 

Ona görə də xəstələr, xəstə yaxınları mədəaltı vəz əməliyyatı üçün əməliyyat yerini və həkimini çox diqqətlə seçməlidir. Xüsusi təcrübəli həkimlər tərəfindən icra olunsa, daha yaxşı nəticələr olur. 

Bizim təcrübəmizdə də kifayət qədər mədəaltı vəzi cərrahi əməliyyatı olub. Çox təəssüf olsun ki, bunların bəzən əməliyyatdan sonrakı dövrü çox çətin gedir. Bəzən ölümlə qarşılaşma ola bilər. Çünki əməliyyat, istər müddəti olsun, əməliyyatın verdiyi travma olsun çox ağır əməliyyat sayılır. Fəsadlar yarana bilər, qanaxmalar ola bilər, fistulalar ola bilər, xəstə pankratit keçirə bilər.. 

Mütləq əməliyyat olunmalıyam?

Xəstələrimiz bir şeyi bilməlidir ki, əgər xəstə bu xəstəlikdən qurtulacaqsa, uzun yaşayacaqsa, bu yalnız yaxşı bir cərrahiyyənin hesabına olmuş ola bilər. 

Düzdür, dünyanın hər yerində bu ağır əməliyyat sayılır, fəsadlar çoxdur, əməliyyatdan sonrakı ağırlaşma risklərimiz çoxdur. Amma xəstə daha uzun həyat yaşamaq istəyirsə, bu yalnız törəməni cərrahi əməliyyatla götürməklə mümkündür. 

Yəni bir tərəfdə o riskli də olsa o əməliyyat variantı, digər tərəfdən də əməliyyat olmayaraq, hər şeyi olduğu kimi saxlamaq… Bu 2 yol varsa qarşıda mütləq əməliyyat seçməlidirlər. 

Çünki 2-ci yolda şiş orada qalmış olur və növbəti fəsadları törədir. Ona görə də xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, mədəaltı vəzinin xərçəngi varsa, cərrahi əməliyyat imkanları varsa, mütləq əməliyyat olunmasında fayda var.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

6 replies on “Mədəaltı vəzi xərçəngi ilə yaşamaq olarmı?”

Salam. Mənim 70 yaşım 28.08.2023-də oldu. Məndə şiş mərkəzdə damarın üstündədir. təxminən 3,2 sm-dir deyirlər. Yayılma yoxdur,yalnız mərkəzdə damarın üstündədir. Bakıda KT və MRT-dən keçdim, diaqnoz doyuldu. Türkiyədə Hacıtəpə xəstəxanasında da müayinə olundum. 1-ci ximya terapiyanı türkiyədə qəbul etdim, qalanını indi Bakıda qəbul edirəm. 7-dəfə ximya terapiya qəbul etmişəm. 4-ximyadan sonra KT-dən baxdılar ölçüsü 3,1sm olmuşdu. Sizcə bunu qurudmaq, kiçiltməklə əməliyyat etmək olarmı?
Hörmətlə Tofiq müəllim. Qabaqcadan təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir