Bu sualın konkret cavabı yazını axıra qədər oxumayanlar üçün “Bəli, konkret verilməlidir”.
Bu, hüquqi tərəfidir işin. Psixologiyası sağlam xəstəyə, anlaqlı xəstəyə biz əməliyyatın bütün riskləri haqqında məlumat verməliyik. Hətta buna biz iltizamnamə də deyirik ki, əməliyyatdan öncə biz bunu xəstələrə izah edirik, imzalatdırırıq.
Bəli, bəzən mənim praktikamda olur, bəzən tələsik olur, xəstəni çox görə bilmirik. Təəssüf ki, yetərli zaman ayırmadıqda kifayət qədər məlumat vermədiyimiz də olur.
Amma hər bir xəstəyə girəcəyi bütün əməliyyat, keçirəcəyi müalicənin növündən asılı olaraq, icra olunacaq əməliyyatın növündən asılı olaraq onun ağırlaşmaları və ən azından ümumi anesteziyanın ağırlaşmaları haqqında məlumat verilməlidir.
Bəzən biz həkimlər elə düşünür ki, məsələn, “Öd kisəsinə biz nəyə görə məlumat veririk? Onsuz da, ən çox icra olunan əməliyyatdır, xəstələr bilinir.” Amma elə deyil.
Məsələn, anestiziyanın xüsusi riski var, yəni trombdan, infarktdan tutmuş hər bir ağırlaşmalar ola bilər. Və ya əməliyyata bağlı əməliyyat yerində sonradan yırtıq əmələ gələ bilər, yara yerində ağırlaşmalar ola bilər, öd yolu zədələnə bilər. Bunları biz demədikdə… Məsələn, xəstəyə dedikdə ki: “Hər şey yaxşıdır, qarantiya verirəm, yaxşı olacaq, narahat olmayın, 1 saatlıq, 45 dəqiqəlik, yarım saatlıq əməliyyatdır, yaxşı olacaq”.
Əməliyyatdan sonra problem çıxanda: “Doktor, bəs demişdiz ki, yaxşı olacaq”. Xəstə özü də narahatçılıq keçirir. İnanıb gəlib həkiminə. Axı o həkimin sözü ilə əməliyyata razılıq verib. Yəni canını həkimə əmanət edib. Sonradan fikirləşir: “Axı həkim özü də mənə demişdi yaxşı olacaq, bəs nəyə görə yaxşı olmadı?”
Biz böyük əməliyyatlar icra elədikdə mədə əməliyyatı olsun, mədəaltı vəzi əməliyyatı olsun, bağırsaq əməliyyatı olsun… Məsələn, mədəaltı vəzi əməliyyatı eləyirik, deyirik, “Fistula riski var, tromb riski var”. Və ya bağırsaq əməliyyatı edirik, deyirik ki, “Anastomozun tutmama diski var, buraxma riski var”.
İzah edirik ki, belə bir ağırlaşmalar çıxsa, sizin yenidən bir manipulyasiyalara, proseduralara ehtiyac ola bilər, yenidən yoxlamalara ehtiyac ola bilər.
Əməliyatdan sonrakı dövrdə bu problemlər çıxdıqda artıq xəstələr deyir ki, “Həkim mənə demişdi” və daha yaxşı tabe olmağa başlayır növbəti müalicələrə.
Ona görə hər bir xəstə özünün keçirəcəyi müalicə, əməliyyat, bunlar haqqında geniş məlumat almalıdır. Və iltizamnaməyə qol çəkərkən də həmin əməliyyat haqqında, risklər haqqında mütləq məlumatlı olunmalıdır. Düşünürəm ki, belə olduğu halda hər 2 tərəf üçün də daha yaxşı nəticələnir.