Categories
CƏRRAHİYYƏ

İltizamnamə nədir, nə işə yarayır?

İltizamnamə – xəstənin keçirəcəyi əməliyyat, onun xəstəxanada hüquqları, həkimin xəstə qarşısında öhdəlikləri, xəstənin öz öhdəlikləri haqqında həm həkim tərəfindən, həm də ki xəstə tərəfindən imzalanmış bir razılaşma formudur.

Bunun açıqlaması odur ki, xəstəyə xəstəliyi haqqında bütün məlumatlar verildi. Hüquqi olaraq bütün məlumatlar verildi və xəstənin müalicə periodunda vəzifə borcları nədir, onu nə gözləyir, hüquqları nədir xəstə kimi və həkim hansı öhdəlikləri xəstə qarşısında götürmüşdür. Buna biz iltizamnamə deyirik. Kağızdır yazılır, oxunulur, imzalanır.

Amma çox təəssüflər olsun ki, bu işdə də coğrafiyamızdan asılı olaraq peşəkarlıq yoxdur. Oxumuruq. Həkim danışdı, imzalayır… Amma çox yaxşı olardı ki, orada bənd-bənd xəstələr oxusun.

Amerikan filmlərində polis gəlib bir cinayətkarı tutanda deyir, məsələn, “Sənin susma haqqın var, filan haqların var… Mən səni buna görə tuturam” İnsan haqlarının bir parçasıdır, əslində, o. İnsan haqlarının parçası olaraq da bütün gözlənilən nəticələr, haqları ona ətraflı şəkildə izah edilməlidir.

Amma bizdə necədir?

Xəstələrimizi çox vaxt xəstə yaxınları gətirir. Bəzən xəstələrə kifayət qədər məlumat verə bilmirik. Xəstə də elə baxır ki, ora apardılar, bura apardılar… O xəstəyə biz məlumat versək, bəlkə də o heç əməliyyat olmaq istəməyəcək?! 

Xəstənin yaxınları həkimə deyirlər ki,

“Yox, sən heç nə danışma, biz danışmışıq, biz qəbul edirik”.

Belə… 

Burada bir az empatiya eləmək lazımdır. Biz özümüzü xəstənin yerinə qoyaq. Axı nəyə görə bizim müalicəmiz haqqında xəstə yaxınları qərar verməlidir? 

Və ya həkimin borcudurmu bütün xəstə yaxınlarına məlumat versin?

Bu çox müzakirəli bir məsələdir. Burada 2 keyfiyyət: bir qanuni tərəf var, bir də həkimin öz şəxsi xarakterindən asılı olaraq tələb var. Çünki xəstəni əməliyyat edirsən, əməliyyatdan sonra yorğun çıxırsan və xəstənin ən azı yaxını ilə 2 dəfə söhbət eləmisən və axşam bir nəfər zəng vurur ki,

“O xəstənin qohumuyam, neçə çıxdı?”

Səhəri günü başqası… Və ya məsələn, bütün detalları danışmısan, izah eləmisən, sabah bir şey olduqda, məsələn, başqa bir qohum gəlir.

Bunun dediyim kimi bir hüquqi tərəfi var, bir də, həkimin öz şəxsi xarakterindən irəli gələn tərəfləri də var.

Təbii ki, təmkinli yanaşılmalıdır, xəstə yaxılarına məlumat verilməlidir, risklər ifadə edilməlidir.

Bəzən, çox nadir hallarda, məsələn, əməliyyatda öncədən hesablanmayan bir problemlə qarşılaşılsa və əməliyyatın gedişatını dəyişdirən bir xəbər olsa və ya riskli, ziyanlı olsa ancaq həkim çıxıb xəstənin birinci dərəcəli yaxınlarına xəbər verməlidir. 

Birinci dərəcəli yaxına xəbər verilməlidir ki,

“Biz bunu planlamışdıq, əməliyyatdan artıq bu müalicənin dəyişdirilməsində bunu düşünürük, xəstəyə bu lazımdır…” 

Bu da öncədən danışılsaydı, ilzamnamədə yazarkən ifadə edilsəydi daha yaxşı olardı:

“Sən ümumi anesteziya altında olacaqsan, sənin haqqında bu qərarı verəcəyik. Məsləhətləşmək üçün, belə hal olarsa, hansı addımı seçək?”

Daha öncə saydığım bütün tələbləri yerinə yetirsək, həkim-xəstə arasındakı münasibətlərdə güvənilirlik, etibarlılıq… Bunlar daha da artacaq və həkim-xəstə münasibəti daha aktiv olacaq, daha şəffaf olmuş olacaq.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir